ELM VƏ TƏHSİL
UNESCO-nun Bioetika üzrə Beynəlxalq Kafedralar Şəbəkəsi ilə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, UNESCO yanında Bioetika, Elmi Biliklərin və Texnologiyaların Etikası Milli Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov UNESCO-nun Bioetika üzrə Beynəlxalq Kafedralar Şəbəkəsinin rəhbəri, professor Amnon Karmi ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə akademik Əhliman Əmiraslanov qonağa Azərbaycanda UNESCO yanında Bioetika, Elmi Biliklərin və Texnologiyaların Etikası Milli Komitəsinin yaranma tarixi, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə məlumat verib. Akademik qeyd edib ki, ökəmizdə 1999-cu ildə yaranmış bu komitəyə görkəmli alim, akademik Cəlal Əliyev rəhbərlik edib. Azərbaycan MDB məkanında Rusiya və Ukraynadan sonra milli komitənin yaradıldığı üçüncü ölkədir. Ölkəmizdə uzun illərdir bir çox təşkilatlarda, o cümlədən Azərbaycan Tibb Universitetində bioetika kafedrası uğurla fəaliyyət göstərir. UNESCO-nun Bioetika Komissiyası ilə milli komitə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən Ə.Əmiraslanov gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Professor Amnon Karmi də öz növbəsində rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. O, gələcəkdə yerli, regional və beynəlxalq konfransların keçirilməsi ilə bağlı proqramın hazırlanmasını təklif edib.
Təkliflər milli komitənin rəhbərliyi tərəfindən rəğbətlə qarşılanıb.