MƏDƏNİYYƏT
UNESCO-nun Ümumdünya İrs Komitəsinin 39-cu sessiyası davam edir
Bakı, 3 iyul, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Almaniyanın Bonn şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 39-cu sessiyası işə başlayıb.
Sessiyada ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində V.Eyvazzadə UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Nada Əl-Naşif ilə görüşüb. Görüşdə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri, növbəti ildə Bakıda keçiriləcək UNAOC Forum, Dünya Sülh və Mədəniyyətlərarası Dialoq Mərkəzinin yaradılması, təşkilatın bu istiqamətdə layihələri müzakirə edilib.
Xanım Naşif Forumun yüksək səviyyədə təşkilinə dair ölkə rəhbərliyinə öz təşəkkürünü bildirib və Bakı prosesinin davamlılığı üçün UNESCO-nun lazımi dəstək göstərəcəyini söyləyib.
Görüşdə ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov da iştirak edib.
UNESCO-nun Ümumdünya İrs Komitəsinin 39-cu sessiyası iyulun 8-dək davam edəcək.