SİYASƏT
UNESCO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlu Almaniyada olub
Berlin, 23 iyun, AZƏRTAC
Azərbaycan Hökuməti tərəfindən namizədliyi BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) baş direktoru vəzifəsinə irəli sürülmüş Polad Bülbüloğlu Almaniyada səfərdə olub.
Almaniyadakı səfirliyimiz tərəfindən təşkil olunan səfərin məqsədi namizədimizin UNESCO ilə bağlı proqramını bu ölkədə tanıtmasından ibarətdir.
Səfər çərçivəsində Polad Bülbüloğlu Almaniyanın Federal Xarici İşlər Nazirliyində UNESCO üzrə məsul olan dövlət naziri Maria Bömer, eləcə də xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndə Haydrun Tempel, Bundestaqın deputatları, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Karin Ştrents və onun müavini Yohannes Kars, Federal Kansler Administrasiyasında Orta, Cənub-Şərqi və Şərqi Avropa, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə şöbənin müdiri Knut Abraham və Qlobal Məsələlər, BMT və İnkişaf Siyasəti şöbəsinin müdiri Matias Lixartsla görüşlər keçirib.
Görüşlər zamanı Polad Bülbüloğlu UNESCO-nun gələcək fəaliyyətinə dair baxışları haqqında qarşı tərəfə məlumat verib, baş direktor seçiləcəyi təqdirdə prioritet və təkliflərini sadalayıb.
Eyni zamanda, Almaniya tərəfinin UNESCO məsələlərinə dair yanaşması barədə fikir mübadiləsi aparılıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin