MƏDƏNİYYƏT
UNESCO-nun sessiyası çərçivəsində Azərbaycanın beşillik hesabatı qəbul edilib
Bakı, 30 noyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, noyabrın 30-dan dekabrın 4-dək Namibiya Respublikasının paytaxtı Vindhuk şəhərində UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sessiya çərçivəsində Azərbaycanın UNESCO-ya təqdim etdiyi beşillik ölkə hesabatı müzakirə edilib. Hesabat ölkəmizdə qeyri- maddi mədəni irsin vəziyyətini, ölkədaxili və xaricində həyata keçirilən təbliğat-təşviqat tədbirlərini, bütün qeyri- maddi mədəni irs nümunələrini, xüsusilə UNESCO-nun müvafiq siyahısına daxil edilmiş irs nümunələrinin qorunması və inkişafı üçün dövlət tərəfindən həyata keçirilmiş fəaliyyətləri əks etdirir.
Komitə üzvlərinə təqdim edilən hesabat kifayət qədər müfəssəl hazırlanıb. Hesabatda, həmçinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qeyri-maddi mədəni irsimizə dəymiş ziyanı, habelə bu işğalçılıq nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalmış və hazırda Azərbaycanın digər ərazilərində məskunlaşmış qaçqın və məcburi köçkünlərimizin öz qeyri-maddi mədəni irsinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılmasında çətinlikləri əks olunub.
Qeyd edək ki, işğal edilmiş ərazilərdə mədəni abidələrin məhv edilməsi, qeyri-maddi mədəni irsin inkişafına və qorunmasına mənfi təsir göstərməklə yanaşı, bu ərazilərdə yaşayan azərbaycanlıların intellektual mülkiyyət hüquqlarının pozulması ilə nəticələnib.