MƏDƏNİYYƏT
UNESCO-nun sessiyasında türk dünyasına məxsus maddi və təbii irsin qorunması ilə bağlı mühüm qərarlar qəbul ediləcək
Bakı, 12 iyul, AZƏRTAC
Xəbər verdiyimiz kimi, İstanbulda UNESCO Ümumdünya İrs Komitəsinin 40-cı sessiyası işə başlayıb. Sessiyanın açılış mərasimi Türkiyənin Baş naziri Binəli Yıldırımın dünyadakı tarixi-mədəni miras nümunələrinin məhv olma təhlükəsi ilə üzləşdiyi bir zamanda UNESCO-nun üzərinə məsuliyyətli vəzifənin düşməsini vurğuladığı videomesajı ilə başlayıb.
Tədbirdə Türkiyənin Baş nazirinin müavini Numan Kurtulmuş, mədəniyyət və turizm naziri Nabi Avcı, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş, İstanbul valisi Vasip Şahin, UNESCO-nun baş direktoru İrina Bokova, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 40-cı sessiyasının sədri Lalə Ülkər, UNESCO-ya üzv ölkələrin nümayəndə heyətləri və digərləri iştirak ediblər.
Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, tədbir zamanı türk ney sənətçisi Kutsi Ergünerə UNESCO-nun “Sülh naminə incəsənət xadimi” fəxri adı təqdim olunub.
Tədbir çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva müsahibəsində bildirib ki, Türkiyənin terrorla qarşılaşdığı bir vaxtda əksər ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin İstanbulda bir araya gəlmələri terrora qarşı mübarizənin birgə şəkildə dəstəkləndiyini, eləcə də belə bir zamanda beynəlxalq əməkdaşlıq çərçivəsində xalqların mədəniyyətlərinin mühafizəsinin vacibliyini sübut edir. Günay Əfəndiyeva, həmçinin qeyd edib ki, bu iclasda türk dünyasına məxsus maddi və təbii irsin qorunması ilə əlaqədar yaxın günlərdə mühüm qərarların qəbul ediləcəyi nəzərdə tutulub.
UNESCO Ümumdünya İrs Komitəsinin 40-cı sessiyası iyulun 20-dək davam edəcək.