DÜNYA
UNICEF: Deyr-əz-Zurda zorakılığın eskalasiyası 40 min uşağın həyatını təhlükə altına qoyur
Bakı, 24 yanvar, AZƏRTAC
BMT Uşaq Fondu (UNICEF) Suriyanın mühasirədə olan Deyr-əz-Zur şəhərində 40 min uşağın taleyi ilə bağlı narahatlıq keçirir. AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, şəhərdə hərbi əməliyyatların eskalasiyası müşahidə edilir.
UNİCEF-dən bildiriblər ki, Deyr-əz-Zurda hökumət qüvvələri ilə İŞİD silahlıları arasında silahlı toqquşmalar iki ildən çox müddətdə humanitar yardımdan məhrum olan 93 min mülki şəxsin, o cümlədən 40 min uşağın həyatını təhlükə altına qoyur.
Deyr-əz-Zur şəhərinin sakinləri ağına-bozuna baxmadan atəşə tutulur, su və ərzaq qıtlığı ilə üzləşirlər. Şəhərdə yeyinti məhsullarının qiymətləri paytaxt Dəməşqdəkindən beş dəfə bahadır.
UNICEF-in bəyanatında deyilir: “BMT Uşaq Fondu Suriyada bütün münaqişə tərəflərini Deyr-əz-Zuru dərhal mühasirədən çıxarmağa, şəhərdə və ölkənin mühasirə şəraitində olan digər 15 rayonunda uşaqlara təhlükəsiz və maneəsiz yardım göstərilməsini təmin etməyə çağırır”.
Dünya Ərzaq Proqramı (DƏP) ötən həftə məlumat verib ki, hərbi əməliyyatların eskalasiyasına görə Suriyanın mühasirəyə alınmış Deyr-əz-Zur şəhərinin sakinlərinə yeyinti məhsullarının təyyarə ilə çatdırılmasını dayandırmağa məcbur olub.