CƏMİYYƏT
UNICEF: İraqda 4,7 milyon uşağın təcili humanitar yardıma ehtiyacı var
Bakı, 1 iyul, AZƏRTAC
İraqda 3,6 milyon uşaq oğurluq və ya seksual zorakılıq qurbanı olmaq, silahlı qrupların sırasına düşmək və xəsarət almaq kimi ciddi risklərə məruz qala bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNİSEF) yeni hesabatında bildirilir. Hesabatda qeyd olunur ki, ölkənin münaqişə zonasında ən çox əziyyət çəkənlər uşaqlardır. Təkcə son 18 ay ərzində xüsusi risk qrupunda olan uşaqların sayı 1,3 milyon nəfər artıb. Hazırda İraqda təcili humanitar yardıma ehtiyacı olan təxminən 4,7 milyon uşaq var. Çoxuşaqlı ailələr zorakılıqla üzləşir və atəşlərə məruz qalırlar.
Son iki il yarım ərzində İraqda 1496 uşaq oğurlanıb. Bu isə o deməkdir ki, yaraqlılar hər ay yetkinlik yaşına çatmayan 50 uşağı oğurlayaraq öz sıralarına cəlb edirlər və təhqirlərə məruz qoyurlar. Son iki ildə ölkədə hər beş məktəbdən biri bağlanıb, uşaqların təxminən 10 faizi məcburi köçkün və qaçqın vəziyyətinə düşüb. Təqribən 3,5 milyon uşaq məktəbə gedə bilmir.