CƏMİYYƏT
UNICEF Tanzaniyanın Burundi ilə sərhədinə vəbanın müalicəsi üçün dərman göndərir
Bakı, 22 may, AZƏRTAC
Burundidə vətəndaş iğtişaşları nəticəsində təqribən 110 min adam, əsasən qadınlar və uşaqlar ölkəni tərk etməyə məcbur olublar. 50 min nəfər burundili qaçqın Tanqanika gölünün Tanzaniya sahili yaxınlığında yerləşən kiçik Kaqunqa kəndində yerləşib. Həmin kənd sıldırım dağ silsiləsinin ətəklərində yerləşir və oraya göldən keçib getmək daha asandır. Burundi qaçqınları bu ilin may ayından oraya getməyə başlayıblar. Məhz bu yerdə ishal ilə müşayiət olunan xəstəliklər, araşdırmanın ilk nəticələrinə görə, vəba xəstəliyi yayılıb.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, Uşaq Fondunun əməkdaşları Tanzaniyanın Burundi ilə sərhədinə vəbanın müalicəsi üçün dərmanlar, içməli su, sanitariya əşyaları və ərzaq məhsulları göndərirlər. Onlar hər iki ölkənin sərhədçiləri ilə, sərhədin hər iki tərəfindəki digər tərəfdaşları ilə əlbir işləyirlər.
Uşaq Fondunda xəbərdarlıq ediblər ki, yaxın vaxtlarda bu kənddə vəbanın müalicəsi üzrə mərkəz açılmasa, orada ölənlərin sayı sürətlə artacaq. Məsələn, bu günlərdə yeni gəlmiş qaçqınlar arasında vəba xəstəliyinə tutulma halları və bu xəstəlikdən artıq 27 nəfərin öldüyü aşkar edilib.
UNICEF-in Şərqi və Cənubi Afrika üzrə regional direktoru Leyla Pakkala qeyd edib ki, hazırda Tanzaniya və Burundinin səhiyyə xidmətlərinin xəstəliyi tez aşkar etmək və onun yayılmasının qarşısını almaq məqsədilə nəzarət tədbirlərini gücləndirməsi son dərəcə zəruridir.
Eyni zamanda Uşaq Fondunda bildirirlər ki, Burundinin özündə 15 nəfərin vəbaya tutulduğu güman edilir. Xəstəliyə tutulanların hamısı xəstəxanaya yerləşdirilib.