ELM VƏ TƏHSİL
“UNIVIA” layihəsi uğurla icra edilib
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əlaqələndiricisi olduğu “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” (“Development and improvement of the University Administration on International Affairs”) adlı TEMPUS layihəsinin yekununa həsr olunan konfrans keçirilib.
UNEC-dən AZƏRTAC-a bildiriblər ki, konfransda tərəfdaş ölkələrin təhsil nazirlikləri və universitetlərinin nümayəndələri iştirak ediblər.
TEMPUS proqramının əsas hədəfi ali təhsil sahəsində Avropa İttifaqının aparıcı ölkələrinin müsbət təcrübəsinin tərəfdaş ölkələrə gətirilməsi və həmin dövlətlərin ali təhsil müəssisələrinin inkişaf etdirilməsidir. UNEC TEMPUS proqramının əlaqələndiricisi qismində qalib olaraq, Avropa Komissiyasının qrantını əldə edib.
Layihənin məqsədi tərəfdaş universitetlərdə Avropa təcrübəsinə və milli inkişaf ənənələrinə əsaslanan optimal, çevik beynəlxalq əlaqələr mexanizminin formalaşmasıdır. Həmçinin konkret missiyanın müəyyənləşdirilməsi, çoxmilli tələbə və müəllim heyətini cəlb etməklə tərəfdaş universitetlərdə beynəlxalq təhsil mühitinin yaradılmasıdır. Eləcə də tərəfdaş universitetlərin qlobal əlaqələrə malik ali təhsil müəssisələrinə çevrilməsi, regional qlobal universitet şəbəkələrinə qoşulmaları üçün təşviq edilməsi və beynəlxalq reytinq siyahılarına daxil olmasıdır.
Konfransda layihənin fəaliyyət planına əsasən üç ildə görülən işlərin yekun hesabatı dinlənilib, tərəfdaş universitetlərin beynəlxalq əlaqələrinin mövcud vəziyyəti təhlil edilib.
UNEC-in rektoru, professor Ədalət Muradov Avropa Komissiyasının bu tipli layihələrdə iştirakının universitetlər üçün əhəmiyyətindən danışıb, layihənin həyata keçirilməsində Təhsil Nazirliyinin xüsusi rolunu vurğulayıb. O, tərəfdaş universitetlər arasında digər istiqamətlərdə də əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.
Milli Erasmus+ Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov UNEC-in əlaqələndiriciliyi ilə həyata keçirilən “UNIVIA” layihəsinin uğurla icra edilməsindən söz açıb. Layihə çərçivəsində nəzərdə tutulan tədbirlərin müvəffəqiyyətlə reallaşdırıldığını və bunun tərəfdaş universitetlərin beynəlxalq əlaqələrinin inkişafına mühüm töhfə verdiyini bildirib.
Təhsil Nazirliyinin nümayəndəsi Yaşar Ömərov təmsil etdiyi qurumun belə layihələrə daim dəstək göstərdiyini söyləyib, respublikanın universitetlərinin beynəlxalq arenaya çıxışı baxımından layihənin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Sonra Ukrayna, Qırğızıstan və Tacikistanın təhsil nazirliklərinin nümayəndələri çıxış edərək, “UNIVIA” tipli layihələrdə iştirakın həm universitetlərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, həm də milli təhsil sistemlərinin təkmilləşdirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
“UNIVIA” layihəsinin Avropa tərəfdaşları adından çıxış edən Böyük Britaniyanın Uorvik Universitetinin əməkdaşı Ceyms Kennedi layihədə iştirakdan məmnunluğunu bildirib. Layihə çərçivəsində tərəfdaş universitetlərlə sıx əməkdaşlıq yaradıldığını diqqətə çatdıran C.Kennedi bu ali təhsil müəssisələrinin kadr potensialının üç ildə artmasını müşahidə etdiyini bildirib.
UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov “UNIVIA Tempus layihəsi: Uğurlu beynəlxalq əməkdaşlıq modeli” mövzusunda təqdimatla çıxış edib. Layihə çərçivəsində görülən işlər, reallaşdırılan təlimlər, hazırlanan sənədlər barədə məlumat verilib.
Konfrans işini bölmə iclaslarında davam etdirəcək.