ELM VƏ TƏHSİL
“URBANLAŞMIŞ ƏRAZİLƏRDƏ YERALTI SULARIN İDARƏ EDİLMƏSİ... “MÖVZUSUNDA BEYNƏLXALQ SEMİNAR ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbirdə NATO-ya üzv olan 11 dövlətdən və 7 tərəfdaş ölkədən 60 nümayəndə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft Akademiyasının və bir sıra xarici ölkələrin respublikamızdakı diplomatik korpusunun nümayəndələri iştirak edirlər.
AMEA-nın Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə seminarın işi barədə məlumat vermiş, onun əhəmiyyətini vurğulamışdır.
Sonra Böyük Britaniyanın Birmingem Universitetinin professoru Con Tellam və başqaları çıxış etmişlər.
Natiqlər yeraltı suların ekoloji durumundan, seysmik təhlükənin artmasından və bu kimi problemlərdən söhbət açmışlar. Qeyd olunmuşdur ki, bunlar yalnız Azərbaycanın deyil, bütün dünyanın problemləridir.
Tədbirdə mövzu ilə bağlı geniş fikir mübadiləsi də aparılmışdır.
Seminar öz işini avqustun 15-də başa çatdıracaqdır.