CƏMİYYƏT
USAID Azərbaycanın vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlıdır
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya üzrə direktor müavini xanım Suzan Fritz, Birləşmiş Ştatların ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan, səfirliyin siyasi məsələlər üzrə müşaviri Daniel Slaşer və USAID-in əməkdaşı Robert Lopez ilə görüş keçirilib.
USAID-in Azərbaycanın vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən Suzan Fritz QHT sektorunun vəziyyəti, QHT-lər haqqında qanunvericiliyə edilən əlavə və dəyişikliklər, onların xarici donorların fəaliyyətinə təsiri və digər məsələlər barədə Şura sədrinin fikirlərini öyrənib.
Sədr Azay Quliyev QHT-lər haqqında qanunvericiliyə edilən əlavə və dəyişikliklər barədə məlumat verərək bildirib ki, hazırda Nazirlər Kabineti qanunvericiliyə edilən əlavə və dəyişikliklərdən irəli gələn qaydalar üzərində işləyir. O, dəyişikliklərin QHT-lərin və donorların fəaliyyətində şəffaflığın və səmərəliliyin təmin olunması məqsədi ilə həyata keçirildiyini və bunlara əməl edən qurumların ölkəmizdə heç bir maneə olmadan fəaliyyət göstərə biləcəyini deyib.
Görüşdə ABŞ və Azərbaycan vətəndaş cəmiyyəti institutları arasında dialoqun təşkili, gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.