MƏDƏNİYYƏT
“ÜZEYİR HACIBƏYOV ENSİKLOPEDİYASI” RUS DİLİNDƏ NƏŞR OLUNMUŞDUR
Bəstəkarlar İttifaqının birinci katibi, xalq artisti Vasif Adıgözəlov, “Azərbaycan” nəşriyyatının direktoru, “Üzeyir Hacıbəyov ensiklopediyası”nın baş redaktoru Nazim İbrahimov, Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı Anar, xalq yazıçısı Hüseyn Abbaszadə, xalq artisti Fərhad Bədəlbəyli və başqaları mərasimdə çıxış etmişlər.
Onlar vurğulamışlar ki, vaxtilə bu sanballı nəşr müxtəlif nəsilləri təmsil edən musiqişünasların, yazıçıların, bəstəkarların, tədqiqatçı alimlərin yaxından iştirakı ilə hazırlanmış və Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Bu, ölkəmizdə görkəmli şəxsiyyətlərə həsr olunmuş ensiklopediyalar nəşri sahəsində atılmış ilk və çox uğurlu addım idi. Burada dahi Üzeyir bəyin zəngin həyat və yaradıcılığı, demək olar, bütün vüsəti ilə oxuculara təqdim edilmiş, onun ölməz əsərləri, bunların müxtəlif dövrlərdəki ən yaxşı ifaçıları haqqında geniş faktik material toplanmışdır.
Ensiklopediyanın rus dilində nəşri isə Azərbaycan musiqi mədəniyyətinin, onun şəriksiz korifeyi Üzeyir Hacıbəyovun ölməz irsinin daha geniş auditoriyada təbliği baxımından təqdirəlayiqdir.
Çıxış edənlər gələcəkdə ensiklopediyanın Azərbaycan dilində latın qrafikası ilə təkrar buraxılmasının, habelə ingilis dilində nəşrinin vacibliyini də vurğulamışlar.
Mərasimin sonunda dahi bəstəkarın əsərlərindən nümunələr səslənmişdir.
Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə, Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviköz, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri mərasimdə iştirak edirdilər.