İQTİSADİYYAT


“Uber” Bakıda nağd ödəniş sistemini istifadəyə verib

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan "Uber" beynəlxalq texnologiya şirkəti Bakıda yeni nağd ödəniş sistemini istifadəyə verib.

"Uber"dən AZƏRTAC-a bildiriblər ki, yenilik "Uber" istifadəçiləri və tərəfdaş sürücülərin istəkləri və rəyləri əsasında tətbiq olunub. Nağd hesablaşmanın tətbiqinə görə Bakı sayca ilk paytaxt, Yekaterinburqdan sonra ikinci şəhər oldu.

Artıq test rejimində fəaliyyət göstərən "nağd ödəniş" opsiyası adi kart ödənişi ilə paralel olacaq. Nağd ödəniş həyata keçirmək üçün istifadəçi tətbiq vasitəsilə avtomobili sifariş etdiyi zaman istədiyi ödəniş növünü seçməlidir. Gediş haqqı sistem vasitəsilə əvvəlcədən məlum tariflərlə müəyyən olunur: avtomobilin çatdırılması – 0,55 AZN, bir kilometr üçün – 0,34 AZN və hər bir dəqiqə gediş üçün 0,02 AZN.

Hava limanına gediş də yeni müəyyən edilmiş tariflə hesablanır: aeroporta gediş 7 AZN və 1 AZN hava limanının ərazisinə daxil olmaq üçün. İstifadəçi gedişin təxmini qiymətini tətbiqdə xüsusi opsiya vasitəsilə əvvəldən öyrənə bilər.

"Nağd ödəniş" opsiyasını seçdikdə gediş haqqı səfər başa çatdıqdan dərhal sonra sürücünün smartfonunun ekranında göstəriləcək. Bununla yanaşı, sürücü istifadəçiyə qalıq məbləği qaytara biləcək. Ödənişdən asılı olmayaraq hər gedişin sonunda istifadəçi elektron poçt ünvanına marşrut, avtomobil sifariş verilən yer, çatdırılma ünvanı və qiymət barədə məlumat alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.