İQTİSADİYYAT
“Uber”, “Mastercard” və “Unibank” birgə layihəyə start veriblər
Bakı, 8 oktyabr, AZƏRTAC
“Uber”, “Mastercard” və “Unibank” birgə layihəyə start veriblər.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti, “Mastercard” beynəlxalq ödəniş texnologiyaları təchizatçısı və “Unibank” ASC birgə layihəyə start veriblər.
Layihə çərçivəsində “Uber”in tərəfdaş sürücülərinə unikal təklif təqdim edilir ki, onlar qazandıqları vəsaiti rahat istifadə edə biləcək. Bunun üçün hər bir “Uber” sürücüsü “Unibank”ın Bakı və ya Abşeronda yerləşən istənilən filialına yaxınlaşıb VÖEN hesabı açmalıdır. Dərhal filialda sürücüyə “Mastercard” debet kartı “Albalı Plus” təqdim olunur. “Uber” tərəfindən VÖEN hesabına köçürülən vəsait avtomatik olaraq həmin karta yatırılır və sürücü kartda olan vəsaitdən rahat şəkildə istifadə edə bilir. Layihənin əsas məqsədi də məhz “Uber”in partnyor sürücülərinin qazandıqları vəsaitlərdən rahat istifadə etməsidir.