REGİONLAR


Ucar rayonunda ötən il görülən işlər müzakirə olunub

Ucar, 15 fevral, AZƏRTAC

Ölkəmizdə kənd təsərrüfatında aparılan islahatlar Ucar rayonunda ənənəvi sahələr olan pambıqçılığın və baramaçılığın inkişafına güclü təkan verib. Hesabat ilində 1490 kiloqram barama tədarük olunub. Bu sahənin inkişafı üçün 70 min ədəd tut tingi əkilib. Həmçinin ötən il rayonda 510 hektarda pambıq əkilib. Cari ildə isə artıq 117 nəfər fermer və fiziki şəxs pambıqtəmizləmə zavodu ilə müqavilə bağlayıb və əkin üçün 2500 hektar sahədə dondurma şumu çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ucar rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.

Rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədovun məruzəsində və digər çıxışlarda qazanılan uğurlardan ətraflı bəhs olunub.

Bildirilib ki, ötən il aqrar sahədə bir sıra nailiyyətlər əldə olunub, pambıqçılıq və baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülüb. Eyni zamanda, mühüm strateji məhsul olan taxılçılıqda da uğurlu nəticələr qazanılıb. Belə ki, ötən il 11 min 701 hektar sahədən 29 min 414 ton məhsul götürülüb. Bu, inişilki göstəricilərdən 238 ton çoxdur.

Rayonda aqrar sektorun əsas sahələrindən olan heyvandarlıqda da nəticələr diqqətəlayiqdir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, möhkəm yem bazasının yaradılması, xəstəliklərə qarşı profilaktik tədbirlərin vaxtlı-vaxtında aparılması diqqət mərkəzində saxlanılır.

Hesabat yığıncağında tikinti-quruculuq, abadlıq işlərindən də danışılıb, əhalinin sosial ehtiyaclarının həlli istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin 2015-ci il 8 oktyabr tarixli Sərəncamı ilə Prezidentin ehtiyat fondundan rayon icra hakimiyyətinə ayrılan 3 milyon manat vəsait hesabına 25 ədəd çoxmərtəbəli ictimai yaşayış binasında əsaslı təmir işləri aparılıb. Ötən il “Qarant Aqro” MMC-nin Qazıqumlaq kəndində istehsal gücü saatda 10 ton olan yem istehsalı zavodu istifadəyə verilib, yollar təmir edilib. Hazırda 100 yerlik körpələr evi-uşaq bağçası, kənd təsərrüfatı və polis idarələri üçün yeni binalar, baytarlıq laboratoriyası tikilir.

Yığıncaqda əhalinin elektrik enerjisi, “mavi yanacaq”la normal təminatı, su təchizatı, təhsil, səhiyyə, mədəniyyət xidmətləri sahələrində görülən işlər, habelə qarşıda duran vəzifələr də geniş təhlil olunub.

Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov və Milli Məclisin deputatı Vüsal Hüseynov çıxış ediblər. Natiqlər ölkədə qeyri-neft sektorunun inkişafı, aqrar sektorda aparılan islahatlar, bu sahədə Prezident İlham Əliyevin qarşıya qoyduğu konkret vəzifələrdən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.