ELM VƏ TƏHSİL
Ucarda ali məktəblərə daxil olan abituriyentlərlə görüş keçirilib
Ucar, 4 sentyabr, AZƏRTAC
Ucar şəhərindəki “Aran” şadlıq sarayında bu il ali məktəblərə qəbul olunan abituriyentlərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə müəllimlər, valideynlər iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov tələbə adını qazanan məzunları təbrik edib, onlara uğurlar arzulayıb.
Rayon ağsaqqallar şurasının sədri Nurəddin Xəlilov, şəhər 2 saylı tam orta məktəbin direktoru Yeganə Məmmədova və başqaları ölkəmizdə uğurlu təhsil islahatlarından, Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıblar.
Bildirilib ki, bu il Ucar rayonunun təhsil müəssisələrinin məzunlarından 165 nəfər ali məktəblərə daxil olub. Onlardan 11-i 600-dən, 25-i isə 500-dən yuxarı bal toplayıb.
Görüşdə 600-dən çox bal toplayan abituriyentlərə qiymətli hədiyyələr verilib.