İQTİSADİYYAT
Ucarda ötən il sosial-iqtisadi sahələrdə diqqətəlayiq nəticələr qazanılmışdır VİDEO
Ucar, 13 fevral (AZƏRTAC). Ucar rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədovun hesabat məruzəsi dinlənilmiş, çıxışlar olmuşdur. Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası, bölgələrə göstərilən diqqət və qayğı bir sıra yeni infrastruktur layihələrinin reallaşdırılmasına, o cümlədən təhsil, səhiyyə və digər sosial yönümlü obyektlərin tikintisinə, geniş miqyaslı quruculuq və abadlıq işlərinin görülməsinə imkan vermişdir. Prezidentin 2013-cü il 16 sentyabr tarixli Sərəncamı ilə rayon icra hakimiyyətinə ayrılmış 4,7 milyon manat vəsait hesabına 8000 nəfər əhalinin yaşadığı Türkəci, Ə.Məmmədxanlı, Çiyni və Bərgüşad kəndlərini birləşdirən 15 kilometr avtomobil yolu əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
Ötən il Ucarda ən böyük layihələrdən olan su-kanalizasiya sisteminin tikintisi daha da sürətləndirilmiş, artıq bir sıra ərazilərə içməli suyun verilməsi təmin olunmuşdur. Ucar şəhərində konserv zavodunun, Alpout kəndi ərazisində quşçuluq sənaye kompleksinin və digər obyektlərin tikintisi davam etdirilmişdir. Quşçuluq kompleksində artıq emal sexi istifadəyə verilmişdir. Bu il bütünlüklə istismara verilməsi gözlənilən kompleksə 500 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Ötən il rayonda iqtisadiyyatın aparıcı sahəsi olan aqrar sektorda da diqqətəlayiq nəticələr qazanılmış, bu sahənin dinamik inkişafı təmin olunmuşdur. Belə ki, yeni su nasosunun quraşdırılması sayəsində 130 hektar sahənin suvarma suyu ilə təminatındakı problem aradan qaldırılmışdır. Rayon baytarlıq idarəsi üçün yeni bina, Alpout kəndində baytarlıq məntəqəsi tikilib istifadəyə verilmişdir.
Məruzə və çıxışlarda qarşıda duran vəzifələrdən də danışılmışdır. Xüsusilə Prezident İlham Əliyevin “Sənaye ili” elan etdiyi 2014-cü ildə iqtisadiyyatın bu sahəsinin inkişaf perspektivlərindən geniş bəhs edilmişdir.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Niyaz Əliyev və Milli Məclisin deputatı Elton Məmmədov çıxış etmişlər.
Yığıncaqda Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.