REGİONLAR
Ucarda yeni kombaynların təqdimatı keçirilib
Ucar, 13 mart, AZƏRTAC
Martın 13-də “Aqrolizinq” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasında Almaniya, Finlandiya və Belçikadan gətirilən 145 ədəd yeni kombaynın təqdimatı olub. Texnikaların 65-i Belçika istehsallı “New Holland”, 50-si Almaniya istehsallı CLASS, 30-u isə Finlandiya istehsallı “Sampo” kombaynlarıdır.
AZƏRTAC xəbər verir ki, respublikanın 30 rayonunu təmsil edən fermerlərin, eləcə də sahibkarların iştirak etdikləri tədbirdə, ilk növbədə, kombaynların texniki göstəriciləri barədə ətraflı məlumat verilib.
Təqdimat mərasimində çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov respublikamızda aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, bu sahəyə göstərilən dövlət dəstəyindən, “Kənd təsərrüfatı ili” olan 2015-ci ildə qarşıda duran vəzifələrdən danışıb.
H.Əsədov bildirib ki, yeni texnikalar ölkəyə fermerlərin və sahibkarların istək və təklifləri nəzərə alınmaqla gətirilib. Yaxın günlərdə ixtisaslaşdırılmış texnikalar da alınacaq.
Qeyd olunub ki, gətirilən texnikanın sənədləri fermerlərə və sahibkarlara “bir pəncərə” prinsipi ilə yerindəcə təqdim olunur. Bu da onlara istədikləri texnikanı qısa zamanda əldə etmək imkanı verir.
Tədbirdə lizinq yolu ilə 17 nəfər istifadəçiyə 19 ədəd texnika verilib.
Sonra nazir Heydər Əsədov təchizat bazasında 2014-2015-ci illərdə respublikaya gətirilən mineral gübrələrin saxlanma şəraiti, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələri anbarı ilə tanış olub.