CƏMİYYƏT


Üç il əvvəl törədilmiş qətl hadisəsi ilə əlaqədar şübhəli bilinən şəxslər istintaqa cəlb olunublar

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

Respublikanın daxili işlər orqanları qeyri-aşkar şəraitdə baş verən ağır və xüsusilə ağır – insan həyatına qəsd edilməsi ilə nəticələnən cinayətlərin açılması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2013-cü il iyunun 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi Suraxanı Rayon Polis İdarəsinin və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində müəyyən edilib. Faktla əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, E.Hümbətov 2013-cü ilin mayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunublar.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər cinayətin izini itirmək məqsədilə meyiti Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə birgə baxış keçirilib. E.Hümbətovun meyitinin qalıqları basdırıldığı yerdən ekshumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.

Fakta bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb. İş digər istintaq hərəkətlərinin davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.