DÜNYA
Üç il əvvəl yoxa çıxmış Malayziya təyyarəsinin axtarışları dayandırılıb
Bakı, 17 yanvar, AZƏRTAC
2014-cü ilin martında yoxa çıxmış Malayziyanın “Boeing” təyyarəsinin axtarışları laynerin tapılmasına kömək edə biləcək yeni informasiya əldə olunanadək dayandırılıb. Bu barədə Avstraliya, Çin və Malayziyanın nəqliyyat nazirlərinin birgə bəyanatında deyilir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, nazirlərin sözlərinə görə, söhbət axtarışların bitməsindən yox, dayandırılmasından gedir. “Bu gün sonuncu gəmi axtarış zonasını tərk edib, MH370 reysini həyata keçirən təyyarə Hind okeanının cənub hissəsindəki 120 min kvadratkilometrlik zonada aşkar olunmayıb. Bununla bağlı sualtı axtarışlar dayandırılıb. Biz itən təyyarənin tapılması üçün gələcəkdə yeni informasiyanın əldə olunacağına ümid edirik”, - deyə nazirlər bildiriblər.
Xatırladaq ki, Kuala-Lumpur–Pekin marşrutu üzrə MH370 reysini həyata keçirən Malayziyaya məxsus “Boeing 777-200” təyyarəsi 2014-cü il martın 7-dən 8-ə keçən gecə havaya qalxdıqdan təxminən iki saat sonra radarlardan itib. 2015-ci ilin yanvarında Malayziya hökuməti təyyarənin qəzaya uğraması və onun göyərtəsində olan 239 nəfərin həyatını itirməsini fakt olaraq təsdiqləyib.
Üç il davam edən və Avstraliyanın qərbində 120 min kvadratkilometrlik zonanı əhatə edən axtarışlar müddətində laynerin heç bir izinə rast gəlinməyib.