SİYASƏT
Üç qitəni təmsil edən qeyri-hökumət təşkilatları əməkdaşlıq sənədi imzalayıblar
Cenevrə, 3 noyabr, AZƏRTAC
Cenevrədə 25-ci Dünya Təmiz Enerji Konfransı çərçivəsində Azərbaycanın vətəndaş cəmiyyəti ilə bağlı tarixi uğura imza atılıb. Aralarında Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində ən fəal qeyri-hökumət təşkilatlarından biri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) da yer aldığı və rəmzi olaraq üç qitəni birləşdirən üç böyük təşkilat arasında əməkdaşlıq sənədi qəbul edilib.
BAMF-dan bildiriblər ki, təşkilatın sədri Umud Mirzəyevlə yanaşı, bu sənədi Avropanı təmsil edən “Yenilənən və Səmərəli Enerji üçün Davamlı Beynəlxalq Enerji Təşkilatı”nın rəhbəri Qustav R.Qrob və Afrikanı təmsil edən “Yenilənən və Səmərəli Enerji üçün Ərəb Platforması”nın rəhbəri Kamel Esseqairi imzalayıblar.
Sənəddə qeyd olunur ki, əsrlər boyu Qafqaz, Mərkəzi Asiya, Orta Şərq və Şimali Afrika regionları böyük insan köçlərinin və nəticədə regionların bir-birilə qaynayıb qarışmasına şahidlik edib. Bu da Afrika, Asiya və Avropa regionlarının bir-birinə ciddi şəkildə qarşılıqlı təsir etməsinə səbəb olub. Bu baxımdan 2016-cı il növbəti iyirmi il üçün gələcək insan transformasiyalarında dönüş nöqtəsi olub. Bununla yanaşı, 2016-cı il həm də Davamlı İnkişaf Hədəfləri ilə bağlı məsələlərin tətbiq olunduğu və sonrakı Paris İqlim Sazişinə töhfə verildiyi ildir. Yüksək dərəcədə transformasiya kontekstini və regionları nəzərə alaraq 17 Davamlı İnkişaf Hədəflərinə və o cümlədən temperatur artımını 1.5 ° C-dək məhdudlaşdırmaq hədəfinə riayət edərək, 3 qeyri-hökumət təşkilatı və vətəndaş cəmiyyəti fəalları Qafqaz, Mərkəzi Asiya, Orta Şərq və Şimali Afrika ölkələrində vətəndaş cəmiyyətinin inkişafına töhfə vermək üçün səylərini və resurslarını birləşdirmək üçün bir araya gəliblər.
İmzalanma mərasimindən sonra BAMF sədri bəyan edib ki, bugünkü imzalanma tarixi əhəmiyyət daşıyır. İlk dəfədir ki, Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatı belə bir qlobal hərəkata qoşulur. Bu faktın qürurverici olduğunu deyən U.Mirzəyev əmin olduğunu bildirib ki, bu istiqamətdə işlər daha fəal davam etdiriləcək. Bu nailiyyət həm də bütövlükdə Azərbaycan vətəndaş cəmiyyətinin böyük bir uğurudur.
Qeyd edək ki, üçtərəfli sazişə imza atan digər iki qurum dünyanın nüfuzlu təşkilatlarıdır. “Yenilənən və Səmərəli Enerji naminə Beynəlxalq Davamlı Enerji Təşkilatı” (İSEO) davamlı enerjinin dəstəyi sayəsində dünyada sosial-iqtisadi inkişafı hədəfləyən qurumdur. Təşkilat 2003-cü ildə BMT-nin Davamlı İnkişaf Hədəfləri Proqramının Konteksti əsasında yaradılıb. Dünyada sağlamlığa, ətraf mühitə, iqlimə və sülhə ziyanı olmayan bütün enerji növlərini, mənbələrini, sistemlərini özündə ehtiva edən İSEO-nun davamlı enerji platforması çərçivəsində BMT agentlikləri, qeyri-hökumət təşkilatları və BMT üzvü olan ölkələr əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Təşkilatın dünyanın 5 qitəsində bölmələri var.
Digər təşkilat “Yenilənən və Səmərəli Enerji üçün Ərəb Platforması” (APPFREE) isə 2010-cu ildə yaradılmış beynəlxalq qurumdur. Təşkilat dünyanın müxtəlif ölkələrinin yeniliklərinin ərəb dünyasına transformasiyası, qabaqcıl texnologiyaların və idarəetmənin ərəb ölkələrində tətbiqi, davamlı və yeniləşən enerjinin dayanıqlı inkişaf prioritetlərinə uyğun olaraq tətbiqinin öyrənilməsi məqsədi ilə fəaliyyət göstərir. Qurum Afrikada yerləşən 10 və Asiyada yerləşən 12 ərəb ölkəsi arasında elektrik enerjisi və sağlam alternativ enerji mənbələrinin sosial-iqtisadi inkişafa təsirlərini öyrənir.
Onu da deyək ki, üçtərəfli əməkdaşlığın və bu əməkdaşlığa aid birgə layihələrin əsas idarəetmə mərkəzi Bakıda yerləşəcək.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə