MƏDƏNİYYƏT
Üç rayonun incəsənət nümunələri Bakıda təqdim edilib
Bakı, 25 avqust, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni yaradılmış Bakı şəhəri, Nizami küçəsində yerləşən təsviri sənət məkanında sentyabrın 3-də Zaqatala, Balakən və Qax rayonlarının incəsənət nümunələri təqdim olunub.
AZƏRTAC xəbər verir ki, musiqili-əyləncəli tədbirdə Zaqatala rayonundan “Alazan” və “İnqloy” rəqs qrupları, Qax rayonundan Ağyazı kənd mədəniyyət evinin “Zurnaçılar” ansamblı, “Tunqayməlik” folklor ansamblı, Balakən rayonundan isə “Buta” qızlar ansamblı və “Qubek” folklor ansamblı çıxış ediblər.
Tədbir çərçivəsində qeyd olunan rayonların müxtəlif yaşlı sənət adamlarının əl işlərindən ibarət sərgi-yarmarka da təşkil olunub.
Sərgidə Zaqatala rayonu 50, Qax rayonu 200, Balakən rayonu isə 100-dək sənət əsəri ilə təmsil olunub. Konsert və sərgi-yarmarka paytaxtın yerli sakinləri və şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanıb.
Sərgi-yarmarkanın təşkil olunmasında məqsəd regionlarda fəaliyyət göstərən istedadlı insanları, el sənətkarlarını, rəssamları, musiqiçiləri və folklor kollektivlərini üzə çıxarmaqla yanaşı, onları paytaxt sakinləri və şəhərimizin qonaqlarına təqdim etməkdən ibarətdir.
Qeyd edək ki, sərgi-yarmarka sentyabrın 7-dək davam edəcək.