DÜNYA
Üç yeni "Sony" smartfonu "IFA" konfransında nümayiş olunacaq
Bakı, 25 may, AZƏRTAC
Yaponiyanın "Sony" şirkəti sentyabrda Berlində keçiriləcək "IFA" konfransında "Xperia XZ1", "Xperia XZ1 Compact" və "Xperia X1" smartfon modellərini nümayiş etdirəcək.
AZƏRTAC xəbər verir ki, smartfonun ekran diaqonalı 5,2 düym, təsvir ölçüsü 1080x1920 piksel təşkil edəcək. "Xperia XZ1" qurğusunun aparat platformasının əsasında 4 qiqabaytlıq operativ yaddaşla birlikdə bir kristallı "Qualcomm Snapdragon 835" məhsuldarlıq sistemi tətbiq ediləcək. "Xperia XZ1 Compact" isə "XZ1" modelinin kiçildilmiş versiyasıdır. Qurğuda eyni çip və operativ yaddaş həcmi quraşdırılsa da, displeyin diaqonalı 4,6 düymə bərabər olacaq.
Beş düymlü ekranla təchiz edilən "Xperia X1" smartfonunda az məhsuldarlığa malik "Snapdragon 660" prosessoru və 4 qiqabaytlıq operativ yaddaş quraşdırılıb.
Yeni "Sony" smartfonlarının kamera ilə əlaqədar innovativ texnologiya ilə seçiləcəyi gözlənilir.