DÜNYA
Uçan mobil rabitə stansiyasının sınaqları keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
ABŞ-ın “Verizon” telekommunikasiya şirkəti “4G” standartlı rabitə avadanlığı ilə təchiz edilən pilotsuz uçan aparatın uğurlu sınağını keçirib. Perspektivdə belə uçan aparatlardan təbii fəlakətlərdən ziyan çəkən yerlərdə rabitənin bərpası üçün uçan mobil rabitə stansiyaları kimi istifadə planlaşdırılır.
AZƏRTAC “NEWSru” resursuna istinadən xəbər verir ki, “RS-20” pilotsuz uçan aparatının uğurlu sınaq uçuşları 914 metr hündürlükdə aparılıb. Aparatın qanadlarının uzunluğu 5,2 metr, maksimal uçuş çəkisi 24,9 kiloqram təşkil edir. Buraxılışı üçün pnevmatik katapultdan istifadə olunan “RS-20” havada 16 saat qalmaqla 6,7 kilometr hündürlüyə qalxıb.
Məlumata görə, “Verizon” bu ilin mayında pilotsuz uçan aparatı xilasetmə xidmətlərinin genişmiqyaslı təlimləri zamanı sınaqdan keçirmək niyyətindədir. Təlimlər zamanı təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması taktikası məşq ediləcək.
Qeyd edək ki, oxşar sınaqları bu ilin fevralında ABŞ-ın “AT&T” rabitə operatoru keçirib.