İDMAN
Üçüncü turun ən yaxşı veloyürüşçülərinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir VİDEO
Qəbələ, 9 may (AZƏRTAC, Ziyadxan Həsənov). Bir neçə gün davam etmiş “Azərbaycan turu” beynəlxalq veloyürüşünün üçüncü mərhələsinin yekunları üzrə mayın 9-da keçirilmiş mətbuat konfransında “Qxubeka” komandasından (CAR) olan qalib Yusef Regigi yarışın növbəti gününün nəticələrini şərh etmişdir.
O, turnirin yaxşı təşkilinə görə Azərbaycana minnətdarlığını bildirmişdir. Velosipedçi demişdir: “2012-ci ildə mən “Azərbaycan turunun” qalibi olmuşam. İndiki yarışın səviyyəsi xeyli yüksəkdir. Çox sevinirəm ki, bu gün qələbə qazandım. Çətin idi. Finişə 60 kilometr qalmış finişə çıxma taktikasını müəyyənləşdirdim”.
İdmançı demişdir: “Qələbə çalmaq həmişə xoşdur. Buna görə də Azərbaycanı həmişə müsbət hisslərlə xatırlayacağam”.
“Azərbaycan turu” yarışmasının lideri avstraliyalı Uilyam Klark da öz növbəsində lider olmasından məmnun qaldığını bildirmişdir. “Bu, asan olmadı. Sabahkı dağlıq mərhələ çox mühüm mərhələdir. Çalışacam ki, sabah da lider olum”.
Turda qonaq kimi iştirak edən tanınmış özbək velosipedçisi “Tur de Frans”, “Ciro d İtaliya” və “Vueltı” yarışlarının qalibi, “Daşkənd terminatoru” adlandırılan Camolidin Abdujaparov demişdir: “Yürüş çox xoşuma gəlir. Hər şey əla təşkil edilmişdir. “Azərbaycan turu”nun velosiped aləmində öz nüfuzu vardır. Azərbaycanda velosiped idmanının belə fəal inkişaf etməsi çox sevindiricidir”.