CƏMİYYƏT
“Uçuş zolağı” layihəsinə yekun vurulub
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Uçuş zolağı” layihəsinə yekun vurub.
Fonddan AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud internat məzunlarının cəmiyyətə inteqrasiyası prosesinin asanlaşdırılması idi.
Layihə çərçivəsində Bakı şəhərində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 və 2 saylı internat məktəblərində, 11 saylı inteqrasiya təlimli internat məktəbində, sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı internat məktəbində, Sumqayıt şəhərində yerləşən G.Əsədov adına tam orta internat və fars-ingilis təmayüllü orta internat məktəblərində 2 günlük təlim kursları təşkil edilib. Təlimlərə, ümumilikdə 180 gənc cəlb olunub. Təlimlərin ilk günü sosial inteqrasiya, ikinci günü isə psixoloji inteqrasiya məsələlərini əhatə edib. Eyni zamanda, gənclər milli qanunvericiliyin onlara verdiyi hüquq və vəzifələr barədə də məlumatlandırılıblar.
İnternat məktəblərindən məzun olan valideyn himayəsindən məhrum olmuş gənclər üçün bukletlər hazırlanaraq paylanılıb. Bukletlərdə belə gənclərə müstəqil həyatda qarşılaşacaqları problemləri aradan qaldırmaq üçün zəruri olan informasiyalar yer alıb.