DÜNYA
Ucuz peyklər kosmosda toqquşma riskini artırır
Bakı, 18 aprel, AZƏRTAC
Minlərlə ucuz telekommunikasiya peykinin fəzaya buraxılması orbitdə kosmik zibilin həcminin kəskin artmasına və kosmosda toqquşma riskinin çoxalmasına gətirib çıxaracaq.
AZƏRTAC BBC.com saytına istinadla xəbər verir ki, Sautqempton Universitetinin tədqiqatına əsasən, yaxın 200 ildə süni peyklər arasında toqquşma halları 1,5 dəfə arta bilər.
“Peyklərin istehsalında xeyli dəyişikliklər baş verib. Bir ədəd telekommunikasiya peykinin istehsal dəyəri adətən yüz milyonlarla funta başa gəlir, lakin seriyalı istehsal zamanı peyklərin qiyməti daha ucuz olacaq”, - deyə tədqiqatın müəllifi Hyu Lyuis qeyd edib. Alimin sözlərinə görə, hazırda orbitdə fəaliyyətdə olan 1300-ə yaxın peyk var.
Mütəxəssislər kosmik toqquşma riskini azaltmaq üçün missiyaları sona çatan peyklərin yerin atmosferində yanması üçün onları aşağı orbitə keçirməyi, həmçinin kosmik aparatların ölçü və çəkilərinin azaldılmasını təklif edirlər. Lakin Avropa Kosmik Assosiasiyasının kosmik zibil problemləri üzrə bölməsinin rəhbəri Holger Kreqin fikrincə, sərt rəqabət şəraitində kompaniyaların bir çoxu öz peyklərinin müasir utilizasiyası üzrə lazımi tələbləri yerinə yetirə bilməyəcək.
Hazırda Yerin orbitində ölçüsü bir santimetrdən böyük olan 750 min obyekt mövcuddur və kosmik zibilin artan həcmi kosmosun gələcək tədqiqatına maneçilik törədir. Belə ki, həmin obyektlərin orta hərəkət sürəti saatda 40 min kilometr təşkil edir və orbitdə toqquşma ciddi nəticələrə səbəb ola bilər.
Son vaxtlar mütəxəssislər dəfələrlə kosmik tullantı probleminin həlli üsullarını təklif ediblər. Məsələn, ötən ilin sonlarında Yaponiya iri torun köməyi ilə orbitdəki kosmik zibilin heç olmasa bir hissəsini toplamaq üçün fəzaya kosmik yük gəmisi buraxıb.