ELM VƏ TƏHSİL
Ufada Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının forumu keçirilir
Moskva, 18 may, AZƏRTAC
Başqırdıstanın paytaxtı Ufada Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının II forumu keçirilir. Tədbirdə Azərbaycandan 16, Rusiyadan 34 ali məktəb iştirak edir. Forumun təşkilatçıları Başqırdıstan Respublikasının hökuməti, Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyası və Rusiya Milli Kadrları Hazırlama Fondudur.
Başinform agentliyi xəbər verir ki, universitetlər birliyi əsasən regionların inkişafında ali məktəblərin rolunu, beynəlxalq əməkdaşlıq, habelə ali məktəblərin beynəlxalq və milli reytinqlərdə inkişafı məsələlərini müzakirə edəcəklər. Forumun proqramında “Universitet regional iqtisadiyyatın inkişafının drayveridir: Rusiya ilə Azərbaycanın təcrübəsi” adlı plenar iclas, “Beynəlxalq əməkdaşlıq ali məktəblərin inkişafının mühüm amili kimi” adlı panel diskussiyası, Assosiasiyanın iştirakçısı olan ali məktəblərin rektorlarının iclası nəzərdə tutulub.
Forum çərçivəsində Assosiasiyanın Nizamnaməsinin təsdiq edilməsi, habelə Assosiasiyanın iştirakçısı olan ali məktəblərin tərkibinə dəyişiklik etmək planlaşdırılır.
Başqırdıstan Respublikası Baş nazirinin müavini Salavat Saqitov, Azərbaycanın təhsil nazirinin müavini Mətin Eynullayev, Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin və Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov açılış mərasimində təbrik nitqi ilə çıxış ediblər.
Forum mayın 19-dək davam edəcək.
Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyası 2015-ci ildə Bakıda yaradılıb. Onun tərkibinə Rusiyanın 32, Azərbaycanın 12 ali məktəbi daxil olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva