ELM VƏ TƏHSİL
“Uğur üçün tədris” layihəsi çərçivəsində görüş
Bakı, 29 mart, AZƏRTAC
“Uğur üçün tədris” (SPEX) layihəsinin ilk mərhələsi olan diltəkmilləşdirmə təlimləri ilə bağlı görüş keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə “Uğur üçün tədris” layihəsinin əlaqələndiriciləri və layihəyə cəlb olunan məktəb rəhbərləri iştirak ediblər.
Görüşdə üç ay davam edən təlimlərdə müəllimlərin peşəkar inkişafı, təlim nailiyyətlərinin qiymətləndirilməsi, təlim mərkəzlərinin imkanları barədə ümumi təhsil məktəblərinin rəhbərləri ilə müzakirələr aparılıb. Həmçinin layihə barədə məktəb rəhbərlərinin təəssürat, rəy və təklifləri dəyərləndirilib, onların müvafiq tələblərə uyğunluğu müzakirə edilib.
İclasda bildirilib ki, diltəkmilləşdirmə təlimlərinin həyata keçirilməsinin əsas məqsədi müəllimlərin ingilis dilində danışıq səriştəsinin artırılması, danışığın tədrisi və qiymətləndirilməsi qabiliyyətinin təkmilləşdirilməsidir.
Layihənin əlaqələndiriciləri apreldən başlanacaq layihənin növbəti mərhələsi olan metodologiya təlimlərinin mahiyyəti, təlim cədvəlləri, təlimlərdə əldə edilən nəzəri biliklərin dərslərdə tətbiqi mexanizmləri barədə məlumat veriblər.
Qeyd edək ki, “Uğur üçün tədris” (SPEX) layihəsi BŞTİ, “British Council” təşkilatı və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.