REGİONLAR


Uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənib

A+ A

Astara, 19 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Oktyabrın 19-da Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon ziyalılarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümü ilə bağlı məruzə edib.

Bildirilib ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşamış xalqımız ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, hər bir xalqın milli varlığının mahiyyətini təşkil edən amilləri - dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub saxlayıb, dünya mədəniyyəti xəzinəsinə də misilsiz töhfələr verib. Dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaradıb.

Diqqətə çatdırılıb ki, 1991-ci ildə ölkəmiz keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti ilə üz-üzə qalmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhv olma təhlükəsinə, separatçılıq meyillərinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi. İctimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və “Əsrin müqaviləsi”nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratdı.

Çıxışlarda bildirilib ki, ötən 25 ildə Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə qazandığı nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənib, iqtisadiyyatımız inkişaf edib, mədəniyyətimiz zənginləşib. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir.

Natiqlər Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, onun daimi olmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək dəyərləndirərək, böyük rəhbərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.