SİYASƏT


Uilyam Leysi Svinq: Azərbaycan mütərəqqi miqrasiya idarəçiliyi modelinin yaradıldığı sabit ölkədir

A+ A

Cenevrə, 4 oktyabr, AZƏRTAC

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 67-ci sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdə olan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Uilyam Leysi Svinq ilə görüşüb.

Ölkəmizə ötən ilki səfərini məmnunluqla xatırlayan Uilyam Leysi Svinq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılmış sabitliyin və mütərəqqi miqrasiya idarəçiliyi modelinin, eləcə də ölkədə multikultural dəyərlərə verilən önəmin şahidi olduğunu qeyd edib. O, Dövlət Miqrasiya Xidməti ilə BMqT-nin Azərbaycan nümayəndəliyi arasında qurulmuş yüksək səviyyəli əməkdaşlığın inkişaf perspektivlərinə toxunub və könüllü qayıdışa yardım çərçivəsində “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi”nin ilin sonunadək imzalanmasının planlaşdırıldığını deyib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycanda tarix boyu irqi, milli və dini zəmində heç bir münaqişənin yaşanmadığına diqqət çəkərək, bu baxımdan respublikamızın dünya üçün nümunə olduğunu bildirib.

F.Nəbiyev Azərbaycanın ən ümdə problemi - Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra edilməməsini təəssüf hissi ilə qeyd edib və beynəlxalq ictimaiyyətin regionda sabitliyə ciddi təhlükə olan bu konfliktin sülh yolu ilə həlli üçün səylərini artırmasının vacibliyini vurğulayıb.

Həmçinin bu günlərdə Azərbaycanda keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilindən söhbət açılan görüşdə bu Foruma dövlət tərəfindən ayrılan xüsusi diqqət ölkədə humanizm prinsiplərinə sadiqliyin nümunəsi kimi qiymətləndirilib.

Bununla yanaşı, qeyd olunub ki, Roma Papası Fransiskin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşündə söylədiyi “Sizin ölkədə dini azadlıqlar tam təmin edilib” fikri respublikamızda bütün dinlərə və xalqlara dost və tolerant münasibətin təcəssümüdür.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.