QAN YADDAŞI
Ukrayna KİV-ləri Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin Xocalı faciəsi haqqında məqalələrini dərc edib
Kiyev, 10 mart, AZƏRTAC
Ukrayna KİV-ləri və internet-nəşrlər Xocalıda azərbaycanlıların soyqırımı haqqında materiallar dərc etməkdə davam edir.
Belə ki, Kirovoqrad vilayətinin ictimai-siyasi orqanı olan “Kirovoqradska pravda” qəzeti “Tarixi həqiqət” rubrikasında Ukrayna dilində fəlsəfə doktoru, Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin” “Xocalı faciəsi azərbaycanlıların soyqırımıdır” sərlövhəli məqaləsini dərc edib.
Azərbaycan parlamentinin üzvü erməni qəsbkarların törətdikləri vəhşiliklərdən bəhs edərək yazır ki, Xocalı soyqırımı kimi faciəli hadisələr bütün mütərəqqi, sülhsevər bəşəriyyəti etnik münaqişələrin qarşısının alınması, sülh və ədalətin təntənəsi naminə səyləri birləşdirməyə çağırmalıdır.
Müəllif yazır: “Qarabağ və onun sağalmaz yarası olan Xocalı soyqırımı Azərbaycanın və bütün türk dünyasının taleyində tarixi dönüş olmalıdır. Dədə-baba torpaqlarına qayıdış, monumental türk birliyi tarixinə qayıdış məhz Qarabağın azad edilməsi ilə bağlıdır. Ölkənin ərazi bütövlüyünün bərpa edilməsi bizim gələcək nəsillər qarşısında müqəddəs borcumuzdur”.
Materialın tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
Cavanşir Feyziyevin “Xocalı soyqırımı erməni faşizminin avtoportretidir” sərlövhəli digər bir analitik məqaləsi (rus dilində) “Ukrayna azərbaycanlılarının birləşmiş diasporu” Ümumukrayna ictimai təşkilatının saytında yerləşdirilib (http://aze.in.ua/novosti/genocid-v-hodzhaly-avtoportret-armyanskogo-fashizma). Məqalədə C.Feyziyev Xocalı hadisələrinin tarixi-fəlsəfi təhlilini verir və bu faciəni hazırda dünyada gedən proseslər baxımından qiymətləndirir.
Ukraynanın Poltava, Xarkov və Dnepropetrovsk vilayətlərinin aparıcı qəzetləri də qarşıdakı nömrələrində Azərbaycan deputatının Xocalı faciəsi haqqında məqalələrini Ukrayna dilində dərc edəcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev