DÜNYA
Ukrayna ilə Türkiyə arasında əmtəə dövriyyəsi genişlənir
Kiyev, 10 oktyabr, AZƏRTAC
Ukrayna ilə Türkiyə arasında əmtəə dövriyyəsi genişlənərək, 2016-cı ilin əvvəlindən 2 milyard dolları ötüb. AZƏRTAC Ukraynanın “Ekonomiçeskaya pravda” nəşrinə istinadla xəbər verir ki, bunu Ukrayna Dövlət Fiskal Xidmətinin sədri, həmvətənimiz Roman Nəsirov Türkiyənin Gömrük və Ticarət Nazirliyinin nümayəndə heyəti ilə görüşündə bəyan edib.
O deyib: “Bu, Türkiyə gömrüyünün belə sanballı nümayəndə heyətinin son beş ildə ilk səfəridir. Ukrayna ilə Türkiyə arasında əmtəə dövriyyəsi artaraq, 2016-cı ilin əvvəlindən 2 milyard dolları (1,4 milyard dollar ixracın, 667 milyon dollar idxalın payına düşür) ötüb.
R.Nəsirovun sözlərinə görə, belə böyük əmtəə dövriyyəsi olan ölkələr gömrük sahəsində də fəal əməkdaşlıq etməlidirlər.
Ukrayna Fiskal Xidmətinin başçısı deyib: “Ümumi məqsədimiz keyfiyyətli xidmətlər göstərmək və gömrük prosedurlarını daha təkmilləşdirmək yolu ilə Ukrayna və Türkiyə biznesinə rahat şərait yaratmaqdır”.
Qeyd edək ki, bu ilin avqustunda Türkiyəyə gedən ukraynalı turistlərin sayı artaraq 171, 716 min nəfərə çatıb ki, bu da 2015-ci ilin avqust ayının göstəricilərindən 65 faiz çoxdur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev