SİYASƏT


Ukrayna mediası Prezident Petro Poroşenkonun Azərbaycana rəsmi səfərini geniş işıqlandırıb

A+ A

Kiyev, 15 iyul, AZƏRTAC

Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri Ukraynanın elektron və mətbu KİV-lərində, informasiya agentliklərində və xəbər saytlarında geniş işıqlandırılıb.

Ukrayna Milli İnformasiya Agentliyinin (“Ukrinform”) müxbiri “Poroşenko: Kiyev ilə Bakı Ukraynanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü çərçivəsində qarşılıqlı fəaliyyəti genişləndirəcəklər” sərlövhəli materialında vurğulayır ki, Ukrayna ilə Azərbaycan qarşılıqlı fəaliyyəti Ukraynanın BMT Təhlükəsizlik Şurasına üzvlüyünü nəzərə almaqla çoxtərəfli formatda genişləndirmək barədə razılığa gəliblər. Petro Poroşenko xatırladıb ki, BMT-nin Təhlükəsizlik Şurasına üzv olduğu dövrdə Azərbaycan Ukraynanı fəal dəstəkləyib. Ukrayna Prezidenti deyib: “Mən Sizi əmin edə bilərəm ki, bu gün Ukrayna 2016-2017-ci illər üzrə həmin mövqedədir və Azərbaycanın mövqeyi də orada müdafiə ediləcək”.

Ukrayna dövlətinin başçısı bildirib ki, Azərbaycan Prezidenti ilə görüşü çərçivəsində perspektivli layihələri müzakirə edib. Onun fikrincə, həmin layihələrdən Azərbaycanın GUAM-a sədrliyi dövründə istifadə etmək olar.

“Ukrinform” səfər mövzusunda “Poroşenko Azərbaycanla əmtəə dövriyyəsinin 3 dəfə artacağını gözləyir”, “Poroşenko Azərbaycanın Baş naziri ilə görüşüb”, “Poroşenkoya Azərbaycan parlamentinin necə işlədiyini göstəriblər” sərlövhəli başqa materiallar da yerləşdirib.

Həmin materiallarda müxtəlif sahələrdə, o cümlədən energetika, nəqliyyat və maşınqayırma, hərbi-texniki əməkdaşlıq, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin razılaşdırılmasından danışılır. Ukrayna mallarının Azərbaycana və digər Şərq ölkələrinə göndərilməsi məsələsi də müzakirə olunub.

“Teleqraf” portalı “Ukrayna ilə Azərbaycan Odessa-Brodı layihəsini bərpa etmək barədə razılığa gəliblər” sərlövhəli materialda xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev neftin Avropaya nəqli üçün Odessa-Brodı neft kəmərindən istifadə olunmasına maraq göstərib.

Elə həmin informasiya resursu “Ukrayna ilə Azərbaycan Hərbi-Texniki Əməkdaşlıq Komissiyasının yaradılması haqqında razılığa gəliblər” sərlövhəli materialda yazır ki, Ukrayna Prezidenti Petro Poroşenko və Azərbaycan Prezidenti İlham Əliyev yaxın vaxtlarda Hərbi-Texniki Əməkdaşlıq Komissiyasının iclasının keçirilməsi barədə razılaşıblar.

“Українські Новини” (“Ukrayna Xəbərləri” – AZƏRTAC) agentliyi “Poroşenko və Əliyev Azərbaycanda An-178 təyyarəsinin yığılması üçün şərait yaradılmasını razılaşdırıblar” sərlövhəli materialda məlumat verir ki, Ukrayna An-178 təyyarələrinin Azərbaycana göndərilməsini perspektivli sayır və bu təyyarələrin Azərbaycanda istehsalı üzrə birgə müəssisənin yaradılmasını mümkün sayır. Ukrayna Prezidenti bu barədə Azərbaycan Prezidenti ilə danışıqlarının yekunlarına əsasən məlumat verib. Agentlik Ukrayna Prezidentinin bəyanatından “Düşünürəm ki, ən perspektivli layihələrdən biri, – cənab Prezident də onu qeyd etdi, - Azərbaycana An-178 tipli təyyarələrin satışı olacaqdır. Burada - Azərbaycanda onların birgə istehsalının yaradılması da çox maraqlı bir layihədir” sözlərini sitat gətirib.

Zeynal Ağazadə

AZƏRTAC –ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.