MƏDƏNİYYƏT


Ukrayna paytaxtında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş konsert olub

Kiyev, 12 dekabr, AZƏRTAC

Dekabrın 11-də P.İ.Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının böyük zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş konsert olub.

Ölkəmizin Ukraynadakı səfirliyi tərəfindən təşkil edilmiş tədbirin başlanmasından əvvəl bu tədbirin çoxsaylı iştirakçıları Akademiyanın foyesində təşkil edilmiş ekspozisiya ilə tanış olublar. Bu ekspozisiyada ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edilir.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev tədbiri açaraq müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, müasir dövrün görkəmli siyasi və dövlət xadimi, millətimizin xilaskarı və Ukrayna xalqının böyük dostu Heydər Əliyevin Azərbaycan tarixinə böyük töhfəsi barədə məlumat verib.

Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və P.İ.Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının rəhbəri Vladimir Rojok Heydər Əliyev haqqında xatirələrini bölüşüblər. V.Rojok Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin Taras Şevçenko adına Ukrayna Milli Akademik Opera və Balet Teatrının yenidən qurulması üçün İttifaq büdcəsindən maliyyə vəsaiti ayırmasını dərin minnətdarlıq hissi ilə xatırlayıb.

Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə P.İ.Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi F.Bədəlbəyli və V.Rojok imzalayıblar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nurlu xatirəsinə həsr edilmiş klassik musiqi konsertində “Kiyevskaya kamerata” Milli solistlər ansamblı, Azərbaycandan olan istedadlı gənc artistlər – tarzən Sahib Paşazadə, xanəndə Rəvan İsmayılov və başqaları iştirak ediblər.

Ukraynada ən məşhur kamera orkestrlərindən biri olan bu kollektivin çıxışına Azərbaycanın Xalq Artisti, professor Yalçın Adıgözəlov dirijorluq edib.

Konsertdə Azərbaycanın və Ukraynanın görkəmli bəstəkarlarının əsərləri səslənib.

Tədbirdə xarici ölkələrin səfirləri, Ukraynada akkreditə edilmiş diplomatik korpusun, Ukraynada fəaliyyət göstərən Azərbaycan dövlət şirkətlərinin nümayəndələri, bizim diaspor təşkilatlarının rəhbərləri və fəalları, elmi ziyalıların nümayəndələri, Ukraynanın mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.