SİYASƏT
Ukrayna paytaxtında Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub
Kiyev, 29 may, AZƏRTAC
Azərbaycanın Ukraynadakı səfirliyində 28 May - Respublika Günü münasibətilə təntənəli rəsmi qəbul təşkil olunub.
Tədbirdən əvvəl Azərbaycan diplomatları ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi önünə çiçəklər düzüblər.
Sonra Azərbaycanın və Ukraynanın dövlət himnləri səslənib.
Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, onun xalqımız üçün tarixi əhəmiyyətindən söz açıb.
Azərbaycanın ən yeni tarixindən söz açan diplomat ölkəmizin müstəqilliyinin bərpası yoluna qədəm qoyduğu ötən 90-cı illərinin hadisələri barədə məlumat verərək xüsusi vurğulayıb ki, dövlətçiliyimizin təşəkkülündə və bərpasında xalqımızın ümummilli lideri Heydər Əliyev müstəsna rol oynayıb. Böyük siyasi xadim qısa müddətdə sabitliyi təmin edib, xalqı azərbaycançılıq ideyası ətrafında sıx birləşdirməyə nail olub. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin işini uğurla davam etdirir.
Diplomat çoxsaylı qonaqların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, bu il aprel ayının əvvəlinə təsadüf edən erməni təxribatlarına cəlb edib. Xatırladıb ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Amma Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur, nüfuzlu beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur. Hazırda qeyri-sabit “nə sülh, nə də müharibə” vəziyyəti hökm sürür. N.Əliyev deyib: “Biz əminik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək”.
Azərbaycan və Ukrayna arasındakı çoxəsrlik münasibətlərə toxunan diplomat müasir reallıqlarından söz açaraq deyib ki, hazırda Ukraynada yüz minlərlə azərbaycanlı yaşayır, təqribən yeddi min azərbaycanlı bu ölkənin ali məktəblərində təhsil alır. Ukrayna cəmiyyətinin demokratik və tolerant ab-havası, dövlətin milli azlıqlara münasibətdə əlverişli siyasəti həmvətənlərimizin rahatlığını və müdafiəsini təmin edir. Azərbaycandakı Ukrayna icması da ölkəmizin həyatında fəal ictimai-siyasi rol oynayır və dövlət tərəfindən dəstəklənir.
Ukrayna Dövlət Fiskal Xidmətinin sədri, həmvətənimiz Roman Nəsirov azərbaycanlıları Ukrayna rəhbərliyi adından Respublika Günü münasibətilə təbrik edərək deyib: “Ukrayna–Azərbaycan əməkdaşlığı qarşılıqlı ehtiram, dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Bu təntənəli gündə Azərbaycan xalqına müvəffəqiyyət, inkişaf, sülh və firavanlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında həll olunmasını arzulayıram”.
Rəsmi hissədən sonra canlı musiqi gecəsi olub. Qonaqlar Ukraynanın Xalq Artisti Qurban Abbasov başda olmaqla, Azərbaycan və Ukrayna müğənnilərinin, rəqqasların çıxışlarına tamaşa edib, ənənəvi Azərbaycan yeməklərinin və şirniyyatının dadına baxıblar.
Tədbirdə Ukrayna hakimiyyət dairələrinin yüksək vəzifəli nümayəndələri, dost ölkənin Xarici İşlər, Müdafiə nazirliklərinin əməkdaşları, Ukrayna paytaxtında akkreditə olunmuş diplomatik korpusun, Kiyev Hərbi Attaşelər Assosiasiyasının nümayəndələri, diaspor təşkilatlarımızın rəhbərləri və fəalları, elm, təhsil və işgüzar dairələrin, Ukrayna mədəni elitasının təmsilçiləri, Kiyevin ali məktəblərində təhsil alan azərbaycanlı, türkiyəli və ukraynalı tələbələr iştirak ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev