QAN YADDAŞI


Ukrayna portalı 20 Yanvar faciəsi ilə bağlı “Cinayətlərə görə Nobel mükafatı: ikiüzlülük, yoxsa kinayə?” adlı məqalə yayıb

Bakı, 19 yanvar, AZƏRTAC

İyirmi Yanvar faciəsinin növbəti ildönümü ərəfəsində Ukrayna mətbuatında bu hadisələrlə bağlı geniş materiallar dərc edilir. Yerli versii.com saytında “Cinayətlərə görə Nobel mükafatı: ikiüzlülük, yoxsa kinayə?” adı ilə yayılan məqalənin müəllifi Ukraynada yaşayan azərbaycanlı alim, Azərbaycan diasporunun fəal üzvlərindən biri Arif Quliyevdir.

Məqalədə SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçov və onu Nobel mükafatına layiq görənlər tənqid olunur. Bildirilir ki, keçmiş sovet respublikalarında Qorbaçovun idarəçiliyinin acı nəticələri hələ də hiss olunmaqdadır.

Yazıda Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Litva və Latviyada, o cümlədən Azərbaycanda əli qana bulaşmış rəhbərin günahı üzündən baş verən münaqişələr, hərbi əməliyyatlar xatırladılır. Bakıda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə və daha sonra baş verən faciəli hadisələr haqqında yerli oxuculara geniş məlumat verən müəllif həmin günün Azərbaycan tarixinə qara hərflərlə yazıldığını qeyd edir. A.Quliyev həmin dövrdə baş verənləri, eyni zamanda, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsi kimi təqdim edir.

Sonda bildirilir ki, heç bir ideoloji fikir ayrılığı, mövqe və maraqların toqquşması, ambisiyalar günahsız xalqın həyatı hesabına həll olunmamalıdır.

Qeyd edək ki, 1998-ci ildən Ukraynada yaşayan Arif Quliyev Ukrayna Azərbaycanlılarının Elmi Şurasının sədri, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin (KMAU) professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi, Ukrayna Elmlər Akademiyasının akademikidir. Arif Quliyev Ukrayna elminə və Azərbaycan-Ukrayna əlaqələrinə verdiyi töhfələrə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.