SİYASƏT
Ukrayna portalında V Bakı Beynəlxalq Humanitar Forumu haqqında məqalə verilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Ukraynanın “Versii.com. Fabrika analitiki” internet nəşrində V Bakı Beynəlxalq Humanitar Forumuna həsr olunmuş “Bakıda dünya təhlükəsizliyinin və humanizmin yeni arxitekturası müzakirə edilib” mövzusunda məqalə verilib.
Məqalənin müəllifi, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın xüsusi müxbiri Zeynal Ağazadə ukraynalı oxuculara bu unikal tədbirin tarixi, onun dünya şöhrətli iştirakçıları, dünya təhlükəsizliyi və humanizm arxitekturasının, habelə bəşəriyyətin gələcəyinin müzakirə olunduğu diskussiyalar barədə məlumat verib.
Məqalədə vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Bakı Forumunun əhəmiyyətindən danışarkən xüsusi qeyd edib: “Bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər”.
AZƏRTAC-ın xüsusi müxbiri daha sonra yazır ki, Bakı Forumu çərçivəsində keçirilən plenar iclaslarda və “dəyirmi masa”larda tanınmış siyasi və dini liderlər dünyanı narahat edən aktual məsələlərə öz münasibətini bildiriblər.
Məqalənin tam mətni və şəkillərlə tanış olmaq üçün bu linkə müraciət edə bilərsiniz: http://versii.com/news/355554/