QAN YADDAŞI


Ukrayna portalında “Xocalıda azərbaycanlıların soyqırımının ibrət dərsləri” sərlövhəli məqalə dərc olunub

A+ A

Bakı, 17 fevral, AZƏRTAC

Ukraynanın “versii.com” portalında Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu ölkədə yaşayan azərbaycanlı alim, Azərbaycan diasporunun fəallarından biri, professor Arif Quliyevin “Xocalıda azərbaycanlıların soyqırımının ibrət dərsləri” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə deyilir ki, Babi Yar, Osvensim, Xatın, Buhenvald kimi, Azərbaycanın Dağlıq Qarabağ regionundakı Xocalı şəhəri də artıq çoxdan sadəcə coğrafi ad olmaqdan çıxıb. Xəritədəki bu nöqtə amansızlığına və qəddarlığına görə bütün dünyanı sarsıdan kütləvi qətllərin faciəli ünvanlarından biridir. Aradan 25 il ötsə də, erməni təcavüzkarlarının Xocalı şəhərində törətdikləri qanlı qırğının ağrısı səngimir.

Xocalı soyqırımı tarixə erməni ekstremistləri və şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri ən dəhşətli terror aktlarından biri kimi daxil olub. Azərbaycan xalqı iki yüz il ərzində daim ermənilər tərəfindən etnik təmizləməyə və soyqırımı siyasətinə məruz qalıb.

Fevralın 25-dən 26-a keçən gecə müasir tarixin ən qorxunc hadisələrindən biri baş verib – erməni hərbi qruplaşmaları azərbaycanlılara qarşı amansız soyqırımı törədiblər. Həmin gecə Xocalı şəhəri yer üzündən silinib. Əliyalın dinc əhali qətliam edilib. Uşaqlar, qadınlar, qocalar və xəstələr təsvirəgəlməz qəddarlıqla öldürülüb. Bu qorxunc aksiya şəhərin bütün əhalisini qırmaq məqsədi daşıyırdı. Amma Xocalının bəzi sakinləri sırf təsadüf nəticəsində salamat qalıblar ki, sonralar tarixin məhkəməsində şahidlik etsinlər.

A.Quliyev sonda yazır: “... Xocalı şəhərində baş vermiş faciədən 25 il ötür. Amma onun məcburi köçkünlərə çevrilmiş sakinləri, eləcə də bütün Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsinin ədalətlə həll olunacağı, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılacağı və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağı günü gözləyirlər. Onlar ədaləti bərpa etmək, terrorizm faktlarını pisləmək və Xocalı şəhərində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımını tanımaq çağırışları ilə beynəlxalq ictimaiyyətə müraciət edirlər. Faciənin günahkarları, təşkilatçıları və icraçıları cəzasız qalmamalıdırlar. Təəssüf ki, bu qorxunc cinayətdə əli olanlar indiyədək layiqli cəzalarını almayıblar, amma cəzasız cinayət yoxdur. Onların hamısı tarixin və öz vicdanlarının məhkəməsi qarşısında gec-tez cavab verəcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.