İQTİSADİYYAT


Ukraynada “Asan İmza” texnologiyasına əsaslanan “Mobile ID” layihəsinə start verilib

Bakı, 30 may, AZƏRTAC

Ukraynanın Buça şəhərində bu ölkənin xüsusi rabitə və informasiyanın mühafizəsi üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “İnformasiya-telekommunikasiya sistemlərində informasiya təhlükəsizliyi” mövzusunda XIX beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir çərçivəsində Azərbaycanda “Asan İmza” layihəsinin həyata keçirilməsi təcrübəsi nümayiş etdirilib, eləcə də bu texnologiyanın Ukraynada reallaşdırılması üçün vacib reqlamentlərin qəbul edilməsi məsələləri müzakirə olunub.

“B.est Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, konfransda, həmçinin informasiyanın mühafizəsi sahəsində qanunvericilik və normativ aktlar, kibermühitdə informasiya təhlükəsizliyinin təmin edilməsinin aktual məsələləri, xüsusi rabitənin müasir radiotexniki vasitələrinin yaradılması perspektivləri və problemləri, mühafizə olunan müasir informasiya şəbəkələri üçün texniki həllər və təkliflər, informasiyanın qorunması sahəsində kadrların hazırlanması sistemi və digər istiqamətlər üzrə müzakirələr aparılıb.

Plenar iclasda “Asan İmza” gücləndirilmiş mobil elektron imza xidmətinin operatoru olan “B.est Solutions” şirkətinin rəhbəri Yana Krimpe məruzə ilə çıxış edib. Bildirilib ki, yüksək təhlükəsizlik səviyyəsinin beynəlxalq standartlarına cavab verən “Asan İmza” rəqəmsal mobil identitet texnologiyası elektron xidmətlərin göstərilməsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi, istifadəçilərin fərdi məlumatlarına qeyri-qanuni giriş risklərinin qarşısının alınması üçün ən vacib alət hesab edilir. Məruzə zamanı rəqəmsal ticarət habı (Digital Trade Hub of Azerbaijan) layihəsi və Ukrayna ilə Azərbaycan arasında transsərhəd elektron xidmətlərin potensialı nümayiş etdirilib. Azərbaycanın innovasiyasının təqdimatı konfrans iştirakçılarının böyük marağına səbəb olub.

“B.est Solutions” şirkəti və “Asan İmza” komandası Azərbaycanın “Asan İmza” kimi innovativ brendinin müxtəlif ölkələrə ixracı istiqamətində intensiv işlər aparmaqdadır. Biz ümid edirik ki, “Asan İmza” əhalinin geniş təbəqəsinə elektron xidmətlərin göstərilməsi zamanı nəinki innovativ identitet olacaq, həmçinin Azərbaycanla Ukrayna arasında transsərhəd-logistik marşrutların, ixracın inkişafı və biznes-prosedurların asanlaşdırılması üçün yeni innovativ imkanlar yaradaraq ölkələr arasında transsərhəd elektron xidmətlərin qurulmasında əlaqələndirici element kimi çıxış edəcək”, - deyə Yana Krimpe bildirib.

Kriptoqrafik qorunma sisteminin reallaşdırılmasında Ukrayna əməkdaşlarının peşəkarlığını yüksək qiymətləndirən xanım Krimpe iki ölkə arasında əməkdaşlığın yeni texnologiyaların və xüsusilə postkvant kriptoqrafiyasının reallaşdırılması məsələlərində yüksək texnoloji təcrübənin zənginləşdirilməsinə təkan verəcəyinə əminliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.