SİYASƏT
Ukraynada Azərbaycan diasporunun televiziya kanalı açılmışdır VİDEO
Bakı, 10 iyun (AZƏRTAC). Ukraynadakı Azərbaycan diasporunun internet üzərindən yayımlanacaq televiziya kanalı - “Diaspor TV” fəaliyyətə başlamışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” tərəfindən təsis edilmiş telekanalın məqsədi dünya ictimaiyyətini Azərbaycan mədəniyyəti, siyasəti, tarixi və dövlətçiliyi haqqında məlumatlandırmaq, ölkəmizlə bağlı yayılan qeyri-obyektiv informasiyaların qarşısını alaraq, dövlətin siyasətini beynəlxalq miqyasda təbliğ etməkdir. Əsas məqsədlərdən biri də müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun gördüyü işləri işıqlandırmaq və ona informasiya dəstəyi göstərməkdir.
Sutkada 18 saat efirdə olacaq “Diaspor TV”-nin xəbərlər buraxılışı hər 3 saatdan bir canlı yayımlanacaq və Ukrayna ali məktəblərinin jurnalistika fakültələrində təhsil alan gənc jurnalistlər tərəfindən hazırlanacaq, peşəkar redaktorlar tərəfindən yoxlanılaraq efirə buraxılacaqdır. Kanalın xəbərlər xidməti CNN, Reuters və BBC şirkətləri ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutur.
“Diaspor TV”-nin digər verilişləri isə Azərbaycanın sosial, siyasi və mədəni həyatını əks etdirən çoxsaylı müəllif proqramları, müxtəlif tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramlardan ibarət olacaqdır. Verilişlərin Azərbaycan, rus, Ukrayna, ingilis və digər dillərdə yayımlanması nəzərdə tutulur. “Diaspor TV” Ukrayna, Rusiya, xarici aparıcı distributor şirkətləri ilə əməkdaşlıq etməyi planlaşdırır.