DÜNYA
Ukraynada anomal hava fövqəladə vəziyyət yaradıb: ölənlər var
Bakı, 19 aprel, AZƏRTAC
Ukraynada hökm sürən qeyri-sabit hava şəraiti 7 nəfərin ölümünə səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, anomal hava şəraiti səbəbindən baş verən yol qəzalarında ölənlərin sayı arta bilər. Artıq ölkənin 152 yaşayış məntəqəsi işıqsız qalıb.
“Aprelin 18-dən 19-na keçən gecə güclü külək, qasırğa, sulu qar və yağış nəticəsində elektrik xətləri qırılıb və nəticədə 152 yaşayış məntəqəsinə elektrik verilişi dayanıb. Dneprin 73, Xarkovun 38, Poltavanın 35, Hersonun 4, Kirovoqradın və Zaparojinin 1 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb”, - deyə Xidmətin məlumatında qeyd edilir.
Təkcə Dnepr şəhərində 2850 ağac aşıb. Şəhərin 65 yaşlı sakini üzərinə ağac düşməsi nəticəsində dünyasını dəyişib. Dnepr şəhərinin meri Borus Filatov açıqlamasında bildirib ki, ağacların təmizlənməsinə azı iki həftə vaxt lazımdır.
Anomal hava şəraitinə görə aprelin 19-21-də Dneprdə 160 məktəb bağlanıb.