CƏMİYYƏT
Ukraynada azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı həmin ölkənin Baş prokuroruna müraciət ünvanlanıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Ukraynada Azərbaycanlılara qarşı törədilmiş cinayətlər qəti şəkildə pislənib.
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov son vaxtlar Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin Baş prokuroru Yuriy Lutsenkoya müraciət edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə azərbaycanlılara qarşı, o cümlədən Xaçmaz rayonunda anadan olmuş Abdulla Abdullayevin Pokrovsk şəhərində qəsdən öldürülərək külli miqdarda pulunun ələ keçirilməsi, həmin şəhərdə fəaliyyət göstərən “Azərbaycan” cəmiyyətinin sədri Şahin Bəylərova məxsus iki avtomobilin partladılması, Donetsk vilayətində İlqar Aşurovun oğurlanaraq qəsdən öldürülməsi və külli miqdarda pulunun və avtomobilinin ələ keçirilməsi, Xerson vilayətində sahibkar Təbriz Ələkbərovun xüsusi amansızlıqla qətlə yetirilməsi və sair törədilmiş cinayətlər qəti şəkildə pislənib. Ayrı-ayrı şəxslər tərəfindən yol verilmiş bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurduğu bildirilib, araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.