İDMAN


Ukraynada fəaliyyət göstərən “Neftçi” fan-klubunun prezidenti “Karpatı” komandasının rəhbərliyi ilə görüşüb

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC 

Ukraynada fəaliyyət göstərən “Neftçi” fan-klubunun prezidenti, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov bu ölkənin yerli futbol komandaları ilə əməkdaşlığın yaradılması üçün fəaliyyətini davam etdirir.

AZƏRTAC xəbər verir ki, belə görüşlərdən biri də Lvov şəhərinin “Karpatı” futbol klubunun rəhbərliyi ilə keçirilib.

“Karpatı” klubunun prezidenti Pyotr Dımınski ilə görüş zamanı E.Məmmədov Azərbaycanın idman həyatında baş verən hadisələr haqqında məlumat verərək bildirib ki, bir çox mütəxəssislərin fikrincə, son illərdə ölkəmiz güclü idman dövlətinə çevrilib. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev ölkəmizdə idmanın inkişafına böyük əhəmiyyət verir. Azərbaycanda şaxələndirilmiş idman infrastrukturu yaradılır.

Ölkəmizin irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdıran E.Məmmədov deyib: “Ötən il Bakıda birinci Avropa Oyunlarının mükəmməl təşkili ölkəmizin uğurlu təşkilatçılıq qabiliyyətindən xəbər verir. Cari ildə Bakı 42-ci Dünya Şahmat Olimpiadası və Formula-1 üzrə Avropa Qran-prisinə ev sahibliyi edib. Gələn il yenidən idman ictimaiyyətinin diqqəti Azərbaycana yönələcək. Belə ki, ölkəmizdə IV İslam Həmrəylik Oyunları keçiriləcək”.

Dost Azərbaycanın uğurlarının Ukraynada ruh yüksəkliyi ilə izləndiyini bildirən “Karpatı” klubunun prezidenti P.Dımınski deyib: “Son illərdə ölkənizdə Ukrayna idmançılarının da iştirak etdiyi beynəlxalq idman tədbirləri yüksək səviyyədə keçirilib. Bunu uzun illərdir müşahidə edirik. Azərbaycan ədalətli olaraq güclü idman dövləti hesab olunur. Ölkənizdə bütün oyunları ən yüksək səviyyədə keçirməyə imkan verən ən müasir idman infrastrukturu yaradılıb. Azərbaycanda Avropa Oyunlarının keçirilməsi buna əyani sübutdur”.

Fan-klublar arasında əməkdaşlıqdan danışan Pyotr Dımınski bildirib ki, Ukraynada “Neftçi”nin nailiyyətlərini unutmayıblar və bu komandaya həm öz meydanında, həm də Avropa meydanlarında yeni idman uğurları diləyirlər.

Görüşdə fan-klubların əməkdaşlığına, onların qarşılıqlı səfərlərinə, gənc idmançıların futbol akademiyalarında təcrübə keçməsinə dair tədbirlər razılaşdırılıb. Həmçinin Ukrayna futbol klublarının rəhbər və nümayəndələrinin “Neftçi”nin Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev ilə görüşünün təşkilinin vacibliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.