SİYASƏT
Ukraynada görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın ad günü təntənə ilə qeyd olunub
Kiyev, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Ukrayna paytaxtının peyk şəhəri İrpendə Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın ad günü münasibətilə təntənəli mərasim keçirilib.
Akademik Zərifə Əliyevanın adını daşıyan şəhər parkında, onun abidəsi qarşısında təşkil edilən tədbirdə Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev, “SOCAR”-ın Kiyev nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, səfirlik və “SOCAR” əməkdaşları, şəhər administrasiyasının rəhbərləri, ictimaiyyət nümayəndələri, diasporumuzun və gənclər təşkilatlarının fəalları, Azərbaycan, Türkiyə və Ukrayna KİV-lərini təmsil edən jurnalistlər iştirak ediblər.
Tədbir iştirakçıları akademik Zərifə Əliyevanın abidəsi önünə gül dəstələri qoyublar.
Tədbirin rəsmi hissəsini Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev açıb. O qeyd edib ki, bu gün Azərbaycanın şanlı qızı, dünya şöhrətli oftalmoloq, Azərbaycan Elmlər Akademiyasının akademiki, professor Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümüdür. Görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xanımı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anası Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafında müstəsna xidmətləri ilə yadda qalıb.
Zərifə Əliyevanın adını daşıyan 12 saylı İrpen şəhər orta məktəbinin direktoru Valentina Antonenko qeyd edib ki, Zərifə Əliyeva xatirələrdə təkcə adı böyük hərflə yazılan həkim və görkəmli alim kimi yox, həm də sadiq həyat yoldaşı, qayğıkeş ana və nənə kimi qalıb. O, Azərbaycan qadınının ən yaxşı keyfiyyətlərini təcəssüm etdirir. Sonra altıncı sinif şagirdi Dima Tarasyonok Azərbaycan dilində akademik Zərifə Əliyevanın həyatı və fəaliyyəti haqqında danışıb.
Daha sonra tədbirin çoxsaylı iştirakçıları məktəbdə yaradılan Zərifə Əliyevanın muzeyinin eksponatları ilə tanış olublar.
Sonda direktor V.Antonenko məktəbi daimi qayğı ilə əhatə edən Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyevə səmimi təşəkkürünü bildirib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev