DÜNYA
Ukraynada korrupsiyaya qarşı mübarizədə yetərincə irəliləyiş əldə olunmayıb
Kiyev, 10 fevral, AZƏRTAC
“Böyük yeddilik” ölkələrinin səfirləri hesab edirlər ki, Ukraynada korrupsiyaya qarşı mübarizə sahəsində yetərincə iş görülməyib, hərçənd müəyyən irəliləyiş əldə olunub. Bu fikri Yaponiyanın Kiyevdəki səfiri Şiqeki Sumi Ukrayna Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin “Yeni polisdən yeni ədliyyəyə və vətəndaşların təhlükəsizliyinə doğru” mövzusunda birgə kollegiya iclasında söyləyib.
AZƏRTAC Ukrinforma istinadla xəbər verir ki, səfir hazırda “Böyük yeddilik” ölkələrinə sədrlik edən ölkənin nümayəndəsi kimi deyib: “Biz əldə olunan irəliləyişi qeyd edirik, amma korrupsiyaya qarşı mübarizə məsələsində hələ çox iş görülməlidir”.
O əmin edib ki, “Böyük yeddilik” ölkələri islahatlar keçirməkdə Ukrayna hökumətinə dəstək göstərməyə davam edəcəklər.
Yaponiyanın köməyindən danışan diplomat xatırladıb ki, onun ölkəsi təqribən 1500 polis maşını göndərib. Hazırda həmin maşınları Ukrayna şəhərlərinin küçələrində görmək olur.
Şiqeki Sumi deyib: “Yaponiya hazırda polis üçün təqribən 9 min yeni qış uniforması dəsti göndərmək məsələsi üzərində çalışır”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev