CƏMİYYƏT
Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqı Ukrayna Gənclər Forumunun İdarə Heyəti Şurasının tərkibinə daxil olub
UAGİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2006-cı ildə yaradılmış UGF-in əsas məqsədi dövlət hakimiyyəti ilə qarşılıqlı münasibətlərdə və beynəlxalq aləmdə Ukrayna gənclərinin mənafeyini lazımınca təmsil etmək üçün ölkə təşkilatlarını sıx birləşdirməkdir.
Hazırda UGF-in tərkibinə 66 ümumukrayna gənclər təşkilatı daxildir. Onların arasında Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqı da vardır.
UGF-in rəhbəri vəzifəsinə Andrey Kolobovun və Stanislav Kutsenkonun namizədlikləri irəli sürülüb. Onların hər biri öz proqramı ilə çıxış edib.
Qurultayda UAGİ-nin rəhbəri İlhamə Allahverdiyeva çıxış edib. O qeyd edib ki, vahid Ukrayna gənclər hərəkatının formalaşdırılması üçün Ukraynanın gənclər təşkilatlarını sıx birləşdirmək lazımdır və bu, UGF-in gələcək fəaliyyətində birləşdirici amil olmalıdır. O, Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının bu istiqamətdə fəal əməkdaşlıq etməyə, Ukraynanın gənclər siyasətinin formalaşmasında bilavasitə iştirak etməyə və təşkilatın dördillik sabit fəaliyyətini nəzərə alaraq öz iş təcrübəsini bölüşməyə hazır olduğunu bildirib. İlhamə Allahverdiyeva çıxışının sonunda namizədlərin hər birinə uğurlar arzulayıb.
Açıq səsvermə zamanı UGF-in rəhbəri vəzifəsinə Stanislav Kutsenko seçilib. UGF-in rəhbəri seçildikdən sonra UGF İdarə Heyəti Şurasının 25 təşkilatdan ibarət yeni heyəti formalaşdırılıb.
UGF-in İdarə Heyəti Şurasında UAGİ-ni təşkilatın idarə heyətinin üzvü Aysel Nağıyeva təmsil edəcək.