DÜNYA
Ukraynalı Nadejda Savçenko rusiyalı Aleksandrov və Yerofeyevlə dəyişdirilib
Bakı, 25 may, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin sabiq Ukrayna hərbçisi Nadejda Savçenkonun əfv olunması barədə sərəncam imzalayıb. O, Prezident Pyotr Poroşenkonun göndərdiyi xüsusi təyyarə ilə Ukraynaya gətirilib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Ukrayna Prezidenti Pyotr Poroşenko da öz növbəsində rusiyalı Aleksandr Aleksandrovu və Yevgeni Yerofeyevi əfv edib.
“Aydar” taborunun sıralarında Ukraynanın şərqində aparılan hərbi əməliyyatların iştirakçısı olan N.Savçenko və iki il bundan əvvəl ruslar tərəfindən ələ keçirilmişdi. İki ay əvvəl isə Rusiya məhkəməsi onu iki jurnalistin qətlində günahkar bilərək 22 il azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdi.
Rusiya vətəndaşları olan Aleksandr Aleksandrov və Yevgeni Yerofeyev isə bir il əvvəl Donbasda Ukrayna hərbçiləri tərəfindən əsir alınmışdılar. Bu ilin aprel ayında Kiyev məhkəməsi onların hər ikisini terrorçuluq fəaliyyətində təqsirləndirərək 14 il həbs cəzasına məhkum olunmaları barədə hökm çıxarmışdı.