ELM VƏ TƏHSİL
Ukraynalı alimlər Azərbaycan səfirliyinin fəxri fərmanları ilə mükafatlandırılıblar
Kiyev, 30 may, AZƏRTAC
Azərbaycanın Kiyevdəki səfirliyində elm, təhsil və səhiyyə sahələrində Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına əhəmiyyətli töhfəsinə görə bir qrup ukraynalı alimə diplomatik nümayəndəliyimizin fəxri fərmanlarının təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə P.L.Şupik adına Ukrayna Milli Diplomdansonrakı Təhsil Tibb Akademiyasının (UMDTTA) tanınmış alimləri və akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin nümayəndələri iştirak ediblər.
UMDTTA-nın alimləri, o cümlədən rektoru, Ukrayna Milli Tibb Elmləri Akademiyasının akademiki, professor Yuri Voronenko, prorektoru, professor Anatoli Kosakovski, mikrobiologiya və epidemiologiya kafedrasının müdiri, akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, professor Aydın Salmanov profil sahələrində xüsusi xidmətlərinə və şəxsi töhfələrinə görə səfirliyin fəxri fərmanlarına layiq görülüblər.
Mükafatlar təqdim olunandan sonra Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli tədbir iştirakçılarına Azərbaycanın sürətli sosial-iqtisadi inkişafından, onun böyük potensialından, elm, təhsil və səhiyyə sahələrində ikitərəfli münasibətlərin inkişafında maraqlı olmasından danışıb.
Y.Voronenko mükafatlara görə Ukrayna alimləri adından Azərbaycan səfirinə təşəkkür edib, onu milli bayramımız – Respublika Günü münasibətilə təbrik edib. Akademik ukraynalı alimlərin iki dost ölkənin rifahı naminə Azərbaycandan olan həmkarları ilə birgə işləməyə hazır olduqlarını da vurğulayıb.
Fəaliyyətini yüksək qiymətləndirdiyinə və mükafata görə səfirə təşəkkür edən professor A.Salmanlı Azərbaycan xalqının şanlı qızı, akademik Zərifə Əliyevanın nurlu xatirəsinə həsr olunmuş dördcildliyini səfirliyə hədiyyə edib.
Tədbir çərçivəsində elm, təhsil və səhiyyə sahələrində Azərbaycan-Ukrayna əlaqələrinin daha da genişlənməsi və möhkəmlənməsi məsələləri müzakirə edilib.
Professor A.Salmanov AZƏRTAC-a müsahibəsində bildirib ki, akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin icraçı direktoru, layihələrin əlaqələndiricisi, qurumun təsisçisi Emil Salmanov və Mərkəzin mətbuat xidmətinin rəhbəri, proqramların həmtəsisçisi və əlaqələndiricisi Alisa Knyazeva da səfirliyin fərmanları ilə mükafatlandırılıblar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev