SİYASƏT
Ukraynalı analitik: Azərbaycanın mülki şəxslərinin erməni hərbiçiləri tərəfindən öldürülməsi terrorizm əməlidir
Kiyev, 12 iyul, AZƏRTAC
Ukraynanın tanınmış “Politeka.net” informasiya portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı analitik yazı dərc olunub. Ukraynalı analitik Yuri Rayxelin müəllifi olduğu yazıda erməni silahlılarının açdığı atəş nəticəsində Füzulinin Alxanlı kəndində biri uşaq olmaqla Azərbaycanın iki mülki şəxsinin öldüyü qeyd olunur. Yazıda AZƏRTAC agentliyinin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının yaydığı açıqlaması da yer alıb.
“Sözsüz ki, cavab atəşindən sonra erməni tərəfinin itkiləri də oldu, adəti üzrə bu itkilər barədə məlumat gizlədildi”,- deyə Y.Rayxel yazısında qeyd edib.
Müəllif vurğulayır ki, mülki şəxslərin öldürülməsi separatizm və terrorizm əməlidir.
Analitik yazıda bildirilir ki, Dağlıq Qarabağ probleminin həlli region və digər ölkələrin ticarət, iqtisadi əlaqələrinin inkişafına təsir edər. Problemin həlli nəticəsində Cənubi Qafqaz ölkələrinin ticarət malları Xəzər və Qara dəniz vasitəsilə daşına bilər ki, bu da Ukrayna bazarına müsbət təsir edər. Ona görə də Dağlıq Qarabağ probleminin həlli Ukraynanın maraqlarına xidmət edir.
Ukraynalı analitik yazır ki, Cənubi Qafqaz strateji region olduğu üçün bura həmişə xarici dövlətlərin maraq dairəsində olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev